Dünya

Embarqodan sonra dəyişən siyasət: Kanada Türkiyə PUA-larına maraq göstərir - VİDEO

15 May 2026, 00:24 2 baxış
Embarqodan sonra dəyişən siyasət: Kanada Türkiyə PUA-larına maraq göstərir - VİDEO
Kanada yeddi il əvvəl Türkiyəyə PUA istehsalı üçün lazım olan ehtiyat hissələrinin ixracına qadağa qoysa da, hazırda bu ölkədən pilotsuz uçuş aparatları (PUA) tədarük etmək variantını fəal şəkildə araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə əsaslanan "Middle East Eye" nəşri məlumat yayıb.
Bildirilib ki, rəsmi Ottava kəşfiyyat və monitorinq tapşırıqları üçün nəzərdə tutulan, orta yüksəklikdə uzunmüddətli uçuş qabiliyyətinə malik Türkiyə dronlarının alınmasına xüsusi maraq göstərir. "Bu hal 2019-cu ildə Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar embarqo tətbiq edən Kanadanın siyasi kursunda ciddi dəyişiklik olduğunu göstərir. Həmin dövrdə Türkiyənin "Baykar" və TAI kimi PUA istehsalçılarının istifadə etdiyi Kanadanın "Wescam" şirkətinə məxsus elektro-optik və infraqırmızı kameraların satışı sanksiya altına düşmüşdü", - deyə məqalədə bildirilir. Mənbənin bildirdiyinə əsasən, hazırda tərəflər arasında müzakirələr başlanğıc mərhələsindədir və yekun müqavilənin imzalanmaması ehtimalı da mövcuddur. "Middle East Eye" vurğulayır ki, Kanadanın bu addımı atmasına səbəb yalnız texnoloji ehtiyaclar deyil, həm də silah tədarükçülərinin sayını şaxələndirmək və ABŞ hərbi sənaye bazarından asılılığı minimuma endirmək istəyidir. İyul ayında keçiriləcək NATO sammiti çərçivəsində Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə səfəri planlaşdırılır. Həmçinin, payız aylarında tərəflərin müdafiə sahəsində əməkdaşlığa dair yeni layihələri, xüsusilə də pilotsuz texnologiyalar sektorunu müzakirə edəcəyi xüsusi rəsmi səfərin təşkili də gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər