Dünya
İran 2026-cı il dünya çempionatını buraxa bilər - Səbəbi açıqlandı
İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirakı turnirin başlamasına cəmi 28 gün qalmış sual altındadır. Oxu.Az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri mənbələrə istinadən məlumat yayıb. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komanda üzvlərindən heç birinin hələ də ABŞ vizası almadığını bildirərək, yaranmış vəziyyətdən ciddi narahatlığını ifadə edib. Yaxın Şərqdəki mövcud geosiyasi gərginlik və 1980-ci ildən bəri Vaşinqtonla Tehran arasında diplomatik əlaqələrin olmaması problemi daha da mürəkkəbləşdirir. Federasiya rəhbəri yaxın günlərdə FIFA ilə həlledici görüşün keçiriləcəyini və viza məsələsinin həllinə dair təminat tələb olunacağını açıqlayıb. FIFA prezidenti Canni İnfantino İranın ABŞ-dəki oyunlarının plana uyğun baş tutacağına dair söz versə də, sənədlərin alınması istiqamətində hələlik real irəliləyiş gözə çarpmır. Məlumata görə, gələn həftənin bazar ertəsi - mayın 18-də komandanın barmaq izi vermək və turniröncəsi təlim-məşq toplanışına başlamaq məqsədilə Ankaraya yola düşəcəyi gözlənilir. Ləngimələr davam edərsə, İran yığmasının bu mötəbər yarışdan kənarda qalma ehtimalı olduqca yüksəkdir.
Mənbə
oxu.az