Dünya

"Boeing" təyyarə qəzası qurbanının ailəsinə milyonlarla dollar təzminat ödəyəcək

14 May 2026, 21:18 1 baxış
"Boeing" təyyarə qəzası qurbanının ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
ABŞ-nin Çikaqo məhkəməsinin qərarına əsasən, 2019-cu ilin mart ayında "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən Samya Stumonun ailə üzvlərinə 49.5 milyon dollar məbləğində təzminat ödəniləcək. Oxu.Az xəbər verir ki, bu barədə Efiopiyanın "Fana TV" telekanalı məlumat yayıb. Məlumata görə, müvafiq qərar andlılar kollegiyası tərəfindən təsdiqlənib. Sözügedən aviaqəza ilə bağlı təyin edilən bu təzminat ilk deyil. Belə ki, bir il bundan əvvəl məhkəmə "Boeing" korporasiyasının hadisə zamanı həlak olan Şikxa Qarqın həyat yoldaşına 28.4 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı. Aviaşirkət təyyarənin qəzaya uğramasına səbəb olan manevr xüsusiyyətlərinin avtomatlaşdırılmış sistemindəki texniki nasazlığa görə məsuliyyəti öz üzərinə götürdükdən sonra məhkəməyə təzminat tələbi ilə fərdi iddialar daxil olmağa başlayıb. İndiyə qədər korporasiya tərəfindən böyük məbləğlərdə ödənişlər edilib. Buraya "Ethiopian Airlines" da daxil olmaqla aviaşirkətlərə ödənilən 1.77 milyard dollar və qəza qurbanlarının qohumları üçün yaradılmış təzminat fonduna köçürülən 500 milyon dollar daxildir. Xatırladaq ki, 2019-cu il martın 10-da Əddis-Əbəbə - Nayrobi marşrutu üzrə hərəkət edən "Boeing 737 MAX" sərnişin təyyarəsi Efiopiya paytaxtından havaya qalxdıqdan altı dəqiqə sonra yerə çırpılıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər