Dünya
Məşhur illüzionist məxfiliyi ləğv edilmiş UNO sənədlərini şərh edib
İsrailəsilli məşhur illüzionist Uri Geller ABŞ Hərb Nazirliyinin UNO-lar (uçan naməlum obyekt) barədə arxivdən çıxardığı sənədləri şərh edib. O, sözügedən genişmiqyaslı məlumatların insanlığın oyanması üçün bir vasitə olduğunu vurğulayıb. Oxu.Az məlumat verir ki, tanınmış şoumen bu barədə "X" sosial media platformasında fikirlərini bölüşüb. Qaşıqları zehin gücü ilə əyməsi ilə məşhurlaşan 79 yaşlı Geller mayın 8-də ABŞ Hərb Nazirliyinin rəsmi saytında sənədlərin yayımlanmasını "bəşəriyyətin oyanışı" kimi qiymətləndirir. Ekstrasensin fikrincə, əsas tapmaca yadplanetli varlıqların və ya onların texnologiyalarının mövcudluğu ilə yox, məhz insan beyni ilə bağlıdır. "Neçə onilliklər ərzində dövlətlər UNO-ların varlığını təkzib ediblər. Görüntüləri qeydə alan pilotlar və şahidlər məsxərəyə qoyulublar. Sübutlar ört-basdır edilib. İndi isə qəfildən geri çəkilərək hər şeyin gerçək olduğunu boyunlarına almaq qərarına gəliblər?" - deyə məşhur illüzionist qeyd edib. Geller bu məxfi materialların açıqlanmasının ali bir qüvvənin təzyiqi nəticəsində reallaşdığına da diqqət çəkib. "Bəlkə də bu dərrakəli varlıqlar digər planetlərdən gələn adi "ziyarətçilər" deyil, insanlığın həm psixoloji, həm də mənəvi baxımdan təkamülünə təsir göstərən katalizatorlardır?" - deyə o əlavə edib. Şoumen inanır ki, insanlığın malik olduğu kosmik potensialdan ehtiyat edildiyi üçün sözügedən sənədlər çox uzun müddət gizli saxlanılıb.
Mənbə
oxu.az