Dünya
Qadcetlərin çoxluğu "Wi-Fi" və "Bluetooth" bağlantısını niyə zəiflədir?
Eyni vaxtda işləyən noutbuk, smartfon, ağıllı saat və simsiz qulaqlıqlar kimi cihazlar "Wi-Fi" şəbəkəsində fasilələrin yaranmasına səbəb ola bilər. Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri doktoru, professor Aleksey Yurasov xəbərdarlıq edib. Alimin sözlərinə görə, LTE və "Wi-Fi" diapazonlarında işləyən iki smartfon müəyyən şəraitdə təxminən 1.9 QHs-lik "üçüncü tezlik" yarada bilər. Bu tezlik isə səs və SMS ötürülməsi üçün nəzərdə tutulan ikinci nəsil (2G) mobil rabitənin baza stansiyalarının işinə mane olur. Mütəxəssislər bildirirlər ki, bu cür "parazit siqnallar" daxil olan zəngi boğur və ya göndərilən mesajın təhrif olunmasına gətirib çıxarır. Maraqlıdır ki, bu zaman qadcetlərin özləri tam işlək vəziyyətdə olur. Bu amil texniki nasazlıqla izah edilə bilməyən qəfil əlaqə kəsilmələrinə səbəb olur. Məsələn, yaxınlıqda ikinci telefon olduqda "Bluetooth" dinamiki ilə əlaqənin qırılması buna misaldır. "Sabit internet bağlantısı zamanı videozəngin kəsilməsi, eləcə də mikrodalğalı soba işə salındıqda simsiz qulaqlıqlarda xışıltıların yaranması məhz bu tezliklərin toqquşması ilə bağlıdır", - deyə professor izah edib.
Mənbə
oxu.az