Dünya
Kevin Uorşun FES-in yeni sədri vəzifəsinə namizədliyi təsdiqləndi
ABŞ Senatı Federal Ehtiyatlar Sisteminin (FES) sədri vəzifəsinə Kevin Uorşun namizədliyini təsdiqləyib. Oxu.Az-ın Senatın rəsmi saytına istinadən verdiyi məlumata görə, 54 senator qərarın lehinə, 45-i isə əleyhinə səs verib. İndi ABŞ Prezidenti Donald Tramp cənab Uorşun vəzifəyə təyin edilməsi barədə fərmanı imzalamalıdır. FES sədrinin səlahiyyət müddəti dörd ildir. Qeyd edək ki, mayın 12-də Senat Kevin Uorşun 14 il müddətinə FES-in İdarəedicilər Şurasının üzvü təyin edilməsinə səs vermişdi. O, bundan əvvəl də tənzimləyici qurumun İdarəedicilər Şurasında yer alıb və 2011-ci ildə vəzifəsindən vaxtından əvvəl getmişdi. Hazırda FES-ə Cerom Pauell rəhbərlik edir və onun səlahiyyət müddəti mayın 15-də başa çatır. O, FES-in İdarəedicilər Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Cənab Pauell tənzimləyiciyə 2018-ci ildə, Donald Trampın ilk prezidentlik dövründə rəhbər təyin olunub və daha sonra Co Bayden tərəfindən yenidən bu vəzifəyə gətirilib. Tramp baza faiz dərəcəsini kifayət qədər sürətlə azaltmadığına görə Pauellin qərarlarını dəfələrlə tənqid etmişdi. Uorşun FES rəhbəri vəzifəsinə namizədliyi yanvar ayında Donald Tramp tərəfindən irəli sürülüb. Kevin Uorş çıxışlarında FES-in müstəqilliyini qoruyub saxlamaq və faiz dərəcələri ilə bağlı qərarlar qəbul edərkən iqtisadi məlumatlara əsaslanmaq niyyətində olduğunu bildirmişdi.
Mənbə
oxu.az