Dünya
Ağ Ev rəsmisindən İran açıqlaması: "Olduqca həssas bir prosesdir"
"İranla aparılan diplomatik danışıqlarda müəyyən irəliləyişlər əldə olunub". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens media nümayəndələri ilə söhbəti zamanı bildirib. Tehranla aparılan məsləhətləşmələrin gedişi ilə bağlı sualı cavablandıran Vens qeyd edib ki, bu, olduqca həssas bir prosesdir. "Məhsuldar müzakirələr aparmağa çalışdığımız üçün bütün detalları açıqlaya bilmərəm", - deyə o əlavə edib. Cey. Di. Vens bildirib ki, bu gün səhər saatlarında Cared Kuşner, Stiv Uitkoff və ərəb dünyasından olan bir neçə tərəfdaşla uzun telefon danışığı aparıb. "Hesab edirəm ki, biz uğurlu nəticələrə doğru irəliləyirik", - deyə vitse-prezident vurğulayıb. Vens əlavə edib ki, əsas məsələ əldə olunan irəliləyişin prezidentin başlıca tələbini yerinə yetirmək üçün kifayət edib-etməməsidir. Onun sözlərinə görə, qırmızı xətt çox aydındır: Prezident İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair qəti zəmanətin əldə olunduğuna əmin olmalıdır. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə
oxu.az