Dünya
ABŞ-nin xam neft ehtiyatlarında kəskin azalma
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 4 milyon 300 min barel azalaraq 452 milyon 900 min barelə düşdüyünü açıqlayıb. Halbuki bazar proqnozlarında ehtiyatların təxminən 2 milyon barel azalacağı gözlənilirdi. Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, kommersiya xam neft ehtiyatlarına daxil edilməyən strateji xam neft ehtiyatlarında da azalma qeydə alınıb. Belə ki, strateji ehtiyatlar 8 milyon 600 min barel azalaraq 384 milyon 100 min barelə enib. Eyni dövrdə ABŞ-nin benzin ehtiyatları da təxminən 4 milyon 100 min barel azalaraq 215 milyon 700 min barel təşkil edib. Bununla yanaşı, ölkədə neft istehsalı artıb. Məlumata görə, mayın 2-dən 8-dək ABŞ-nin gündəlik xam neft istehsalı 137 min barel artaraq 13 milyon 710 min barelə çatıb. Digər tərəfdən, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 424 min barel artaraq 5 milyon 901 min barel olub. Xam neft ixracı isə gündəlik 742 min barel artaraq 5 milyon 492 min barel təşkil edib. EIA-nın "May 2026 Qısamüddətli Enerji Baxışı Hesabatı"na əsasən, bu il ABŞ-nin gündəlik orta xam neft istehsalının 13 milyon 650 min barel olacağı proqnozlaşdırılır.
Mənbə
oxu.az