İdman
Əli Cavadlı Avropa çempionatında qızıl medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Üçüncü yarış günündə Ə.Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Ə.Cavadlı Avropa çempionu olub. Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub - 0:8. Zöhrab Səfərov isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb. Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa üçüncüsü olub.
Mənbə
oxu.az