İdman
2026 mundialında futbolçular meydana fərqli şəkildə çıxacaqlar
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı ildə keçiriləcək dünya çempionatında komandaların meydana birlikdə çıxması kimi ənənəvi qaydadan imtina etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Ben Ceykobs məlumat yayıb. Gözlənilir ki, stadion diktoru hər bir futbolçunun adını onun tuneldən meydana çıxdığı anda fərdi şəkildə elan edəcək. Bildirilir ki, analoji təcrübə artıq klublararası dünya çempionatının həlledici mərhələlərində sınaqdan keçirilib. FIFA rəhbərliyi hesab edir ki, bu yanaşma ayrı-ayrı futbolçuların imicinin daha da irəlilədilməsinə dəstək verəcək. Bununla yanaşı, ali futbol qurumu ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) tətbiq olunan təqdimat formatını tam şəkildə təkrarlamağı düşünmür. Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.
Mənbə
oxu.az