Dünya

Avstraliyada Trampın adi ilə bağlı 1.5 milyard dollarlıq layihə ləğv edildi

13 May 2026, 15:28 10 baxış
Avstraliyada Trampın adi ilə bağlı 1.5 milyard dollarlıq layihə ləğv edildi
Avstraliyanın şərq bölgəsində planlaşdırılan və dəyəri 1.5 milyard Avstraliya dolları (təqribən 1.1 milyard ABŞ dolları) həcmində qiymətləndirilən "Tramp Qülləsi" göydələn layihəsinin icrası dayandırılıb. Buna səbəb kimi yerli podratçı şirkətin təqdimatdan üç ay sonra öz öhdəliklərini icra edə bilməməsi göstərilib. Oxu.Az xəbər verir ki, bu faktı layihənin sifarişçisi qismində çıxış edən "Trump Organization" şirkətinin rəsmisi təsdiqləyib. "Büdcəsi 1.5 milyard Avstraliya dolları olaraq hesablanan layihə ətrafında aylarla sürən müzakirələr və əsassız vədlərin ardınca "Altus Property Group" şirkəti baza maliyyə öhdəliklərini belə qarşılamaq iqtidarında olmadığını nümayiş etdirib", - deyə qurum nümayəndəsi bildirib. İnşaat şirkəti olan "Altus Property Group"un rəhbəri Devid Yunqun sözlərinə görə, İrandakı hərbi münaqişə və "bəzi digər olaylar" üzündən Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın brendi Avstraliya bazarında "toksik" mahiyyət qazanıb. "Trump Organization" təmsilçisi isə bu bəyanatı kəskin pisləyərək bildirib ki, "müqavilənin pozulmasında qlobal prosesləri günahlandırmaq" cəhdləri, sadəcə, "şəxsi xəta və uğursuzluqları ört-basdır etmək məqsədi daşıyan manipulyasiyadır". Rəsmi, həmçinin təşkilatın gələcəkdə Avstraliya ərazisində fərqli layihələr həyata keçirə biləcəyini də istisna etməyib. Xatırladaq ki, ABŞ prezidentinin oğlu Erik Tramp bu ilin fevralında "X" sosial şəbəkəsində Avstraliyanın Qold-Kost şəhərində 91 mərtəbədən ibarət "Tramp Qülləsi"nin tikiləcəyini bəyan edərək layihənin eskizlərini paylaşmışdı. O cümlədən, bu binanın Avstraliyanın ən yüksək göydələni olacağı vurğulanmışdı. Lakin aylar ötsə də, inşaat işlərinə start verilməyib. Bununla yanaşı, bölgə sakinlərinin layihənin ləğv edilməsi tələbi ilə başlatdığı petisiyaya 142 mindən artıq şəxs imza atıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər