Dünya
İrandan Hörmüz boğazı yaxınlığındakı yeraltı raket bazaları ilə bağlı qərar
İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-na əməliyyat girişini bərpa edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" qəzeti ABŞ kəşfiyyatının son məlumatları ilə tanış olan mənbələrə istinadən yazıb. Onların sözlərinə görə, bu məlumatlar daha çox yüksəkvəzifəli məmurları narahat edir, çünki bu bazalara girişin bərpası Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər. Son hesabatlara əsasən, İran bütün ölkə üzrə raket və buraxılış qurğularının yeraltı anbarlarının təxminən 90%-nə girişi bərpa edib və əvvəlki kimi, mobil buraxılış qurğularının və müharibədən əvvəlki arsenalın təxminən 70%-nə malikdir. Yeni kəşfiyyat məlumatları göstərir ki, Tramp və hərbi müşavirləri ABŞ ordusunun İran raket bazalarına vura biləcəyi ziyanı olduğundan daha yüksək qiymətləndiriblər. Qəzetin mənbələri bir ay əvvəl bağlanmış atəşkəsin pozulacağı təqdirdə Trampın üzləşəcəyi problemə diqqət çəkərək əlavə ediblər ki, ABŞ Silahlı Qüvvələri artıq bir çox kritik əhəmiyyətli sursat ehtiyatlarını tükədib, İran isə həyati əhəmiyyətli Hörmüz boğazı da daxil olmaqla, hərbi potensialını saxlayır.
Mənbə
oxu.az