Dünya
ABŞ-nin dövlət katibi Çinə Maduronun geyim tərzində yollandı
ABŞ-nin dövlət katibi Marko Rubio Çinə keçmiş, hazırda həbsdə olan Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonrakı qiyafədə yola düşüb. Oxu.Az xəbər verir ki, Rubionun Maduro kimi geyim tərzini Ağ Ev rəsmisi Stiven Çunq sosial şəbəkə hesabında paylaşıb. Şəkildə dövlət katibinin "Air Force One" təyyarəsinin göyərtəsində boz idman paltarında olduğu görünür. Yanvarda Maduronun saxlanılması zamanı əynində "Nike Tech Fleece" idman geyimi olub. Venesuelanın sabiq liderinin geyindiyi idman dəstinin qiyməti sonradan kəskin şəkildə bahalaşıb. Həmin paltarın qiyməti 180 dollardan 500-1000 dollara qədər yüksəlib. Qeyd edək ki, mayın 12-də ABŞ lideri Donald Tramp Çinə yollanıb. O, Çin lideri Si Cinpinlə görüşlər keçirəcək. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Mənbə
oxu.az