Dünya
Siqareti tərgitdikdən sonra ağciyərlər tam şəkildə bərpa olunurmu? - Mütəxəssisdən açıqlama
London İmperial Kollecinin ağciyər xəstəlikləri üzrə tədqiqat qrupunun rəhbəri Şarlotta Din siqareti tərgitdikdən sonra ağciyərlərin tam bərpa olunma ehtimalını qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Şarlotta Dinin sözlərinə görə, ağciyərlər çirklənmə və infeksiyalardan sonra özünü bərpa etmək qabiliyyətinə malikdir. Buna görə də siqareti tərgitdikdə orqanizmin vəziyyəti xeyli yaxşılaşır. "Lakin bu, təhlükənin tamamilə aradan qalxması demək deyil", - deyə o vurğulayıb. Mütəxəssis qeyd edib ki, tütün tüstüsünün təsirindən ağciyər hüceyrələri mutasiyaya məruz qala bilər. Bu isə sürətli qocalmaya, tənəffüs yolları xəstəliklərinə meyilliliyə və hətta zərərli vərdişdən uzaqlaşdıqdan illər sonra belə xərçəngin yaranmasına səbəb ola bilər. Ekspert, həmçinin xəbərdarlıq edib ki, bəzi insanlarda ağciyərlərin regenerasiya (bərpa) qabiliyyəti zəifdir və ya demək olar ki, yoxdur. Şarlotta Din siqareti mümkün qədər tez tərgitməyi tövsiyə edir, çünki yaş artdıqca orqanizmin bərpa qabiliyyəti azalır. O, tənəffüs sisteminin sağlamlığını qorumaq üçün mütəmadi olaraq idmanla məşğul olmağı da məsləhət görüb.
Mənbə
oxu.az