Dünya

ABŞ-də beyin xərçənginə qarşı fərdiləşdirilmiş vaksin hazırlandı

13 May 2026, 04:42 1 baxış
ABŞ-də beyin xərçənginə qarşı fərdiləşdirilmiş vaksin hazırlandı
Amerikalı molekulyar bioloqlar beyin xərçənginin ən aqressiv formalarından biri olan qlioblastomaya qarşı yüksək effektivliyə malik fərdiləşdirilmiş vaksinlər hazırlayıblar. Bu yeni yanaşma sayəsində dördüncü mərhələ xərçəng diaqnozu qoyulan xəstənin beş ildən çox yaşaması mümkün olub. Oxu.Az xəbər verir ki, bu barədə Vaşinqton Dövlət Universitetinin mətbuat xidməti xəbər yayıb. Tədqiqatçılar bildiriblər ki, bu platforma vasitəsilə hər bir xəstənin fərdi göstəricilərinə uyğun terapiya üsulları yaratmaq mümkündür. Onilliklər ərzində alimlər qlioblastomaya qarşı immunoterapiya vasitələri yaratmağa çalışsalar da, bu cəhdlər adətən uğursuzluqla nəticələnib. Çünki bu şiş növü həm terapiyaya tez öyrəşir, həm də özünü immun sistemindən gizlətməyi bacarır. Bu maneəni dəf etmək üçün bioloqlar xüsusi bir alqoritm hazırlayıblar. Alqoritm konkret xəstənin şiş hüceyrələrindəki zülalları təhlil edir və immun sisteminin ən kəskin reaksiya verəcəyi zülal dəstini seçir. Bu məlumatlar əsasında hazırlanan DNT-vaksinlər doqquz könüllü üzərində sınaqdan keçirilib. Nəticələr son dərəcə ümidverici olub: Xəstələrin 66%-də şişin böyüməsi tamamilə dayanıb. İştirakçıların üçdəbiri müalicədən sonra iki ildən çox yaşayıb (bu, standart müalicə metodlarından iki dəfə yüksək göstəricidir). Bir xəstə isə dördüncü mərhələ şiş aşkar edildikdən sonra beş ildən çox yaşayaraq xəstəlikdən tamamilə xilas olub. Qlioblastoma hər il dünyada təxminən 300 min insanda aşkarlanan və çox sürətlə inkişaf edən bədxassəli şişdir. Yeni vaksinin tətbiqi bu ağır xəstəliklə mübarizədə gələcək üçün böyük perspektivlər vəd edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər