Dünya
ABŞ-də Stiv Cobsun təsviri olan yeni sikkələr satışa çıxarılıb
ABŞ Zərbxanası "American Innovation Coin" proqramı çərçivəsində "Apple"ın həmtəsisçisi Stiv Cobsun xatirəsinə həsr olunmuş yeni bir dollarlıq sikkələri təqdim edib. xəbər verir ki, bu barədə məlumatı "MacRumors" portalı yayıb. Sikkənin üzərində Cobsun gənclik illərindəki obrazı - onun məşhur boğazlı sviteri, cins şalvarı və idman ayaqqabısı ilə Şimali Kaliforniyanın təbiət mənzərəsi fonunda təsviri yer alıb. Layihə müəllifləri bildiriblər ki, iş adamının dərin düşüncələr içindəki bu obrazı Kaliforniya təbiətinin onun texnoloji baxışlarına göstərdiyi təsiri simvolizə edir. Sikkənin dizaynı Kaliforniya qubernatoru Qevin Nyusomun dəstəyi və "Steve Jobs Archive" təşkilatının iştirakı ilə hazırlanıb. Təşkilat nümayəndələrinin sözlərinə görə, Cobs bu bölgənin təbiəti ilə sıx bağlı olub və "Apple" cihazlarının minimalist dizaynında məhz bu mühitdən ilhamlanıb. Qubernator Q.Nyusom qeyd edib ki, Stiv Cobs Kaliforniyaya xas olan sahibkarlıq və innovasiya ruhunun canlı təcəssümüdür. Onun "Kaliforniya xəyalı"nı gerçəkləşdirmək əzmi milyonlarla insan üçün nümunədir. Yeni bir dollarlıq sikkələr 25 ədədlik paketlərdə 61 dollara (hər sikkə təqribən 2.44 dollar), 100 ədədlik dəstlərdə isə 154.5 dollara təklif olunur.
Mənbə
oxu.az