Dünya
Tramp Ağ Evdəki tikinti ilə bağlı sual verən jurnalisti təhqir etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə rəqs zalının inşasının nə üçün ilkin açıqlanan məbləğdən iki dəfə baha başa gələcəyini soruşan jurnalisti "səfeh" adlandırıb. Oxu.Az xəbər verir ki, bununla bağlı "CBS News" telekanalı "X" sosial şəbəkəsində paylaşım edib. "Mən rəqs zalının ölçüsünü iki dəfə artırdım, səfeh insan", - deyə Tramp bildirib və əlavə edib ki, inşaatçılar ayrılmış büdcə çərçivəsində fəaliyyət göstərir və işləri nəzərdə tutulan qrafikdən əvvəl həyata keçirirlər. "CBS News" telekanalı 2025-ci ilin dekabrında ölkənin Milli Parklar Xidmətinə (NPS) istinadən xəbər vermişdi ki, Ağ Evin şərq hissəsində 300 milyon dollara başa gələcək rəqs zalının tikintisinin 2028-ci ilin yayında başa çatdırılması planlaşdırılır. Yeni zalın tutumu 650 nəfər olacaq. Əvvəllər də qeyd edildiyi kimi, tikinti işləri Trampın prezidentlik müddəti başa çatana qədər yekunlaşmalıdır.
Mənbə
oxu.az