Dünya
Niderlanddan kruiz gəmisinin hantavirusa yoluxmuş sərnişinləri ilə bağlı QƏRAR
Niderland hökuməti göyərtəsində hantavirus yayılan "MV Hondius" kruiz gəmisinin sərnişinlərini və heyət üzvlərini ölkəyə qayıtdıqdan sonra altı həftəlik ev karantininə göndərmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə NU.nl portalı ölkənin səhiyyə naziri Sofi Hermansın parlamentə ünvanladığı məktuba istinadən məlumat yayıb. Söhbət layner Kanar adalarına çatdıqdan sonra ölkəyə repatriasiya olunacaq 10 Niderland vətəndaşından gedir. Bundan əvvəl Niderland hakimiyyəti mayın 6-sı və 7-də iki evakuasiya reysi ilə ölkəyə gətirilmiş "Hondius" gəmisindən olan üç nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. "MV Hondius"un mayın 10-da Kanar adalarına çatacağı gözlənilir. Daha əvvəl gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanmışdı. Niderlanddan olan ailə cütlüyü də daxil olmaqla üç sərnişin ölüb, bir yoluxmuş şəxs isə Yohannesburq xəstəxanasında kritik vəziyyətdədir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutlarda qalmaq tapşırılıb. Lakin hantavirusun inkubasiya dövrü bir neçə həftə davam edə bildiyi üçün yeni yoluxma hallarının operativ aşkarlanması çətinləşir. Layner üç həftə əvvəl Uşuayya şəhərindən yola düşərək kruizin son nöqtəsi olan Kanar adalarına istiqamətlənib. Gəmidə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla təxminən 150 nəfər var. Gəmi artıq Atlantik okeanındakı bir neçə adada dayanacaq edib.
Mənbə
oxu.az