İdman
"Zirə" ilə həlledici duel: Valdas Dambrauskas azarkeşlərə hücum futbolu vəd etdi
"Bizim üçün Misli Premyer Liqasının çempionu olmaq böyük mükafat idi. Ancaq ölkə kubokunu da qazanmağa çalışacağıq. Bunu etsək, bizim üçün fantastik, tarixi nəticə olacaq". Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə müsahibəsində bildirib. Mütəxəssis "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu haqqında fikirlərini bölüşüb: "Hər kəs bu tarixin, uğurun bir parçası olmaq istəyir. Bu matçlarda xırda detallar qalibi müəyyən edir. "Zirə" çox yaxşı komandadır. Heç vaxt təslim olmurlar. Onlar bizi təəccübləndirə bilər. Amma elə dönəmdəyik ki, buna yer yoxdur. Çünki rəqibi çox yaxşı tanıyırıq. Onların nələr edə biləcəyini bilirik. Lakin final matçında psixoloji amil və fərdi mübarizələr də önəmlidir. Çox yaxşı oyun olacağını düşünürəm. Azarkeşləri final günü stadiona dəvət edirəm. Onların dəstəyini hiss etmək istəyirik. Biz daha çox hücum futbolu oynamaq istəyirik ki, azarkeşlər oyundan zövq alsınlar. Kuboku başımız üzərinə qaldıracağımıza ümid edirəm". Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Mənbə
oxu.az