Dünya
Meksikada qəzəbli sakinlər merə hücum çəkdilər
Meksikanın mərkəzində yerləşən Puebla ştatının Ueyapan bələdiyyəsində sakinlər uzun müddətdir davam edən ərazi mübahisəsi səbəbindən əllərində baltaya oxşayan kənd təsərrüfatı alətləri ilə mer Alfonso Lino Pososa hücum edərək onu linç etməyə cəhd göstəriblər. Oxu.Az xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, hadisə bələdiyyə başçısının ictimai işləri yoxlamaq məqsədilə Maloapan icmasına səfəri zamanı baş verib. Yerli sakinlərdən ibarət kütlə merin arxasınca gedərək onu təhqir edib və məmurların xidməti avtomobillərinin yaxınlığında təkərlər yandırıb. Müşayiət edən şəxslərin çevik reaksiyası nəticəsində Alfonso Lino Posos ciddi xəsarət almadan hadisə yerindən uzaqlaşa bilib. Daha sonra mer rəsmi videomüraciət yayaraq baş verənləri qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib. Bələdiyyə başçısı ştatın hüquq-mühafizə orqanlarının və federal hökumətin təcili müdaxiləsini tələb edib. O, həmçinin yerli konqresi qonşu Atempan bələdiyyəsi ilə sərhədlərlə bağlı tarixi münaqişənin həllində fəaliyyətsizlikdə ittiham edib.
Mənbə
oxu.az