Maraqlı
Kenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. Oxu.Az "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebralar və antiloplar kimi sərt otlarla qidalanan heyvanların daimi aşınmaya uyğunlaşmış hündür və mürəkkəb azı dişləri olur. Lakin kenqurular, analoji qidalanma tərzinə malik olsalar da, tamamilə fərqli diş quruluşuna sahibdirlər. Uzun müddət elmdə izah olunmayan bu uyğunsuzluğa rentgen müayinəsi vasitəsilə aydınlıq gətirilib. Tədqiqatçılar qədim kenquru qalıqlarını araşdırarkən aşınmaya davamlılığın əsas amilinin dişin forması deyil, mina qatının qalınlığı olduğunu müəyyən ediblər. Məlum olub ki, kenquruların diş minası digər otyeyən heyvanların əksəriyyəti ilə müqayisədə xeyli qalındır. Bu xüsusiyyət onlara mürəkkəb diş quruluşunun yoxluğunu kompensasiya etmək imkanı verir. Bundan başqa, qidanı çənələrini yan tərəflərə hərəkət etdirərək çeynəyən dırnaqlılardan fərqli olaraq, kenqurular otları şaquli (yuxarı-aşağı) hərəkətlərlə "biçirlər". Alimlərin fikrincə, bu araşdırma təkamülün həmişə vahid ssenari üzrə getmədiyini sübut edir. Hətta eyni şərtlər altında belə, fərqli növlər sağ qalmaq üçün özünəməxsus bioloji həllər tapa bilirlər.
Mənbə
oxu.az