Dünya
Alen Simonyan Moskva ilə münasibətlərin gələcəyi barədə açıqlama verib
Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda təşkil olunan Avropa Siyasi Birliyi sammitində ifadə edilən anti-Rusiya xarakterli bəyanatların Moskva ilə münasibətlərə mümkün təsiri ilə bağlı sualı cavablandırıb. Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlər qarşısında çıxış edən spiker bildirib ki, rəsmi İrəvan xarici ölkələrin mövqeyinə əhəmiyyət vermədən, ilk növbədə öz milli maraqlarını rəhbər tutmalıdır. "Ermənistanın öz məqsədlərini təyin edərkən Moskvanı incitməmək naminə mütəmadi şəkildə ehtiyatlı addımlar atması nə qədər düzgündür? Düşünürəm ki, bu cür yanaşma səhvdir, belə ki, Rusiya öz məqsədlərinə doğru irəliləyərkən bizim maraqlarımızı nəzərə almır. Biz onlara qarşı hər hansı addım atmırıq, sadəcə olaraq, öz təhlükəsizliyimizi təmin edir və siyasi kursumuzu müəyyənləşdiririk", - deyə spiker əlavə edib. Simonyan bildirib ki, indiki prizma birmənalı şəkildə dəyişməlidir və "kiminləsə əlaqə qurduğum üçün qarşı tərəf inciyəcəksə, vəziyyət necə olacaq?" kimi düşüncə qəliblərindən uzaqlaşmaq lazımdır.
Mənbə
oxu.az