Siyasət

Ermənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?

02 May 2026, 14:18 1 baxış
Ermənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?
"Azərbaycanın mövqeyinə görə, mina məsələsi təkcə keçmişdə baş vermiş qanunsuzluqların araşdırılması deyil, həm də bu pozuntulara görə hüquqi məsuliyyətin müəyyən edilməsi deməkdir. Bu çərçivədə rəsmi Bakı 1949-cu il Cenevrə Konvensiyaları və həmin konvensiyalara 1977-ci ildə tərtib edilmiş I Əlavə Protokol, eləcə də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edən Ottova Konvensiyası əsasında şəxslərin taleyinin açıqlanmasını, bütün kütləvi məzarlıqların tam şəkildə bildirilməsini və çıxarılan insan qalıqlarının ailələrinə təhvil verilməsini tələb edə bilər". Bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə türkiyəli ekspert Ferhat Aznevi deyib. O bildirib ki, bu tələblər yalnız siyasi xarakter daşımır, birbaşa məcburi beynəlxalq öhdəliklərə əsaslandığı üçün güclü hüquqi zəminə malikdir: "Bununla yanaşı, Azərbaycan mina məsələsi üzərindən daha konkret və texniki tələblər də irəli sürə bilər. İlk növbədə, basdırılmış bütün minalara dair tam xəritələrin və texniki məlumatların təqdim edilməsi, mina təmizləmə fəaliyyətlərində əməkdaşlıq və ərazidə riskin aradan qaldırılmasına yönəlmiş, beynəlxalq nəzarətə açıq mexanizmlərin qurulması tələb oluna bilər. Bundan əlavə, mülki şəxslərin məruz qaldığı zərərlərə görə kompensasiya tələbi də gündəmə gətirilə bilər. Bu çərçivədə zərər çəkmiş şəxslər üçün maddi və mənəvi təzminat, infrastruktur itkilərinə görə dövlətlərarası kompensasiya mexanizmləri və reabilitasiya öhdəlikləri hüquqi baxımdan irəli sürülə bilər". Ekspert qeyd edib ki, Azərbaycan bu pozuntuları beynəlxalq məhkəmə və nəzarət orqanlarının müzakirəsinə çıxarmaq yolunu da tuta bilər: "Məsələn, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistanın məsuliyyəti ilə bağlı iddianın qaldırılması, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında fərdi və dövlət tərəfindən iddianın qaldırılması, həmçinin Birləşmiş Millətlər Təşkilatı mexanizmləri vasitəsilə araşdırma və hesabat proseslərinin işə salınması nəzərdən keçirilə bilər. Bu cür müraciətlərin məqsədi yalnız pozuntuların müəyyən edilməsi deyil, eyni zamanda onların dayandırılması, təkrarının qarşısının alınması və beynəlxalq hüquq qarşısında hesabatlılığın təmin edilməsidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər