Cəmiyyət
Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayır
"Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayır". Oxu.Az xəbər verir ki, bunu hüquq elmləri doktoru, professor Mayis Əliyev dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi barədə brifinqdə deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla "Təhsil haqqında" Qanuna və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi mexanizminin müasirləşdirilməsini nəzərdə tutur: "Yeni yanaşmaya əsasən, incəsənət müəllimlərinin peşəkar bilik və bacarıqları artıq ənənəvi attestasiya yolu ilə deyil, sertifikatlaşma mexanizmi vasitəsilə müəyyən ediləcək. Dəyişikliklərə ehtiyac həm ictimaiyyət nümayəndələrinin, həm də pedaqoji kollektivlərin Elm və Təhsil Nazirliyinə ünvanladıqları çoxsaylı müraciət və təkliflər əsasında formalaşıb". Onun sözlərinə görə, yeni sertifikatlaşma modeli isə müəllimlərin real peşəkar kompetensiyalarını, pedaqoji ustalığını, yaradıcı yanaşmasını və şagird nəticələrinə təsirini ölçməyi hədəfləyir: "Fərmanda qeyd olunduğu kimi, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı müvafiq qaydalar hazırlanacaq və biliklərin qiymətləndirilməsi bu yeni mexanizm əsasında davam etdiriləcək".
Mənbə
oxu.az