Dünya

Niderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEO

30 Apr 2026, 17:44 1 baxış
Niderlandda hərbi poliqonlarda irimiqyaslı yanğınlar: Sursat partlayışları təhlükəsi var - VİDEO
Niderlandda artilleriya poliqonunun ərazisində irimiqyaslı yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.
Məlumata görə, yanğın təxminən 500 hektarı əhatə edib və söndürmə işlərini sursat partlayışı riski çətinləşdirir. Yanğınsöndürənlər yalnız uzaq sahələrdən işləyə bilirlər, çünki bilavasitə yanğın zonasında yüksək temperaturdan partlaya biləcək sursat var. Təhlükəli əraziyə yalnız zirehli texnikanın girişinə icazə verilib. Yanğın hələlik lokallaşdırılmayıb və artıq ikinci gündür davam edən alovla mübarizənin axşama qədər belə başa çatmayacağı gözlənilir. Əməliyyata xeyli sayda hərbi texnika və 100-dən çox yanğınsöndürmə xidməti əməkdaşı cəlb edilib. Ölkədəki yeganə artilleriya və minaatan atışlarına icazə verilən poliqonda yanğının başvermə səbəbləri hələlik bəlli deyil. Portal, həmçinin bildirib ki, Niderlandda "Oirschotse Heide" hərbi poliqonunun ərazisində də təbii yanğın başlayıb. Məlumata görə, yanğın sahəsi təxminən 10 min kvadratmetr təşkil edir ki, bu da təqribən iki futbol meydançasına bərabərdir. Qeyd olunub ki, alov kazarmaların yaxınlığında şiddətlənir. Yanğınsöndürənlər alovun daha da yayılmasını istisna etmirlər. Əraziyə iki yanğınsöndürmə taqımı - təxminən 12 xüsusi texnika səfərbər edilib. Yanğının səbəbləri hələlik müəyyən edilməyib. Daha əvvəl KİV xəbər vermişdi ki, uzunmüddətli quraqlıq və yaxın vaxtlarda ölkə ərazisinin böyük hissəsində yağıntıların olmaması fonunda bir sıra əyalətlərdə yanğınların çoxalması riski elan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər