Dünya
Yaponiya alimlərindən ürəyin qocalması ilə bağlı sensasion kəşf
Yaponiyalı tədqiqatçılar ürəyin yaşlanma prosesini ləngitməyə, eləcə də onu müəyyən qədər bərpa etməyə imkan verən üsul aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" agentliyinə Qakuşuin Universiteti Təbiət elmləri fakültəsinin professoru Şigeru Yanaqi təqdim edib. Yanaqi və onun elmi qrupu təbii berberin elementindən əldə olunan mitorubinin siçan hüceyrələrinə necə təsir göstərdiyini araşdırıblar. Mütəxəssislər müəyyən ediblər ki, bu maddə orqanizmdə enerji hasilatına cavabdeh olan mitoxondrilərin fəaliyyətini əhəmiyyətli dərəcədə artırır. Professor qeyd edib ki, mitoxondrilər hüceyrələr üçün özünəməxsus "enerji mərkəzi" funksiyasını yerinə yetirir. Lakin insanın yaşı artdıqca bu hissəciklərin sayı azalır və fəaliyyət qabiliyyəti zəifləyir. Araşdırmalar göstərib ki, mitorubin qocalma ilə əlaqədar miqdarı azalan və "mitoxondrial keyfiyyətə nəzarət sistemi" adlandırılan MITOL molekullarının fəallığını artırır. Bunun nəticəsində maddə eyni zamanda mitoxondrilərin enerji yaratma potensialını da gücləndirir. Şigeru Yanaqi bildirib ki, eyni zamanda mitoxondrilərin sayı da artır. Bu səbəbdən heyvanlar üzərində aparılan sınaqlar ürək fəaliyyətinin yaşlanma səbəbindən geriləməsini ləngitmək və ya müəyyən qədər bərpa etmək potensialını nümayiş etdirib. Bununla belə, mövcud nəticələr yalnız heyvanlar üzərində aparılan sınaqlardan əldə olunub. Oxşar təsirin insan orqanizmində də təsdiqlənməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var. Yekunda mütəxəssis vurğulayıb ki, mitoxondrilərin fəaliyyətinin zəifləməsi yaşlanma ilə bağlı bir sıra xəstəliklərin yaranmasına səbəb olur və bu tədqiqatın uğurlu nəticələri gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər.
Mənbə
oxu.az