Dünya
Konqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetli mənşəli olduğu iddia edilən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb. Bildirilir ki, bu addım Pentaqonun naməlum anomal hadisələrə dair videoların açıqlanmasını gecikdirməsi fonunda artan təzyiqlər şəraitində atılıb. Anna Paulina Luna daha əvvəl də məxfi obyektlərdən birinə səfəri zamanı yadplanetli mənşəli ola biləcək obyektlər gördüyünü bildirib. O, müşahidələri ilə bağlı daha ətraflı məlumat əldə etdikdən sonra mətbuat konfransı keçirəcəyinə söz verib. Aprelin 16-da konqresmen Pentaqonu naməlum uçan obyektlər və hərbi bazalar ətrafında guya mövcud olan yadplanetli aktivliklə bağlı həqiqəti gizlətməkdə ittiham edib. Onun sözlərinə görə, müdafiə qurumu aprelin 14-dək onlarla videomaterialı açıqlamalı idi, lakin bu tələb yerinə yetirilməyib. Luna həmçinin bildirib ki, Donald Tramp məxfi materialların açıqlanmasına icazə versə də, Pentaqon buna reaksiya verməyib.
Mənbə
oxu.az