Dünya
KİV: İran ABŞ-dən altı vətəndaşını geri aldı
İran hakimiyyəti ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş konteyner gəmisinin altı heyət üzvünün azad olunmasına nail olub. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Məlumata görə, azad edilən altı nəfər artıq ölkəyə qaytarılıb. Rəsmi Tehran gəmidə qalan 22 iranlının da azad olunması istiqamətində səylərini davam etdirir. Xatırladaq ki, aprelin 20-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İran bayrağı altında üzən konteyner gəmisinin ələ keçirildiyini bildirmişdi. ABŞ tərəfi bunu İran limanlarına tətbiq olunan blokadanın təmin edilməsi çərçivəsində həyata keçirdiyini açıqlamışdı. Bildirilmişdi ki, gəmi tələblərə tabe olmaqdan imtina etdikdən sonra ABŞ esminesi onun mühərrik bölməsini zədələyib, daha sonra isə amerikalı dəniz piyadaları gəminin göyərtəsinə qalxıblar.
Mənbə
oxu.az