Kriminal
Bakıda çimərlikdəki qətlin bəzi təfərrüatı bəlli oldu - MƏHKƏMƏ
Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib. Hadisə baş verən gün həmin ərazidə təqsirləndirilənlərdən biri Samir Abbasovla birlikdə olan L.A. ifadəsi zamanı vurğulayıb ki, o həmin gün Samir Abbasovla mübahisə edib və əlindəki çanta ilə Samirə zərbə endirib. Şahid ona verilən suallara cavab olaraq vurğulayıb ki, onun bu hərəkətindən sonra Samir Abbasov ona hər hansı bir qarşılıq göstərməyib. Şahidin ifadəsini qeyri-səmimi qiymətləndirən hakim onun ibtidai istintaqa verdiyi ilkin ifadəsini elan edib. Şahid istintaqa bildirib: "Mən Samiri əl çantası ilə vurandan sonra o mənə şillə vurdu və mənim ayağım burxuldu, yıxıldım. Daha sonra Samir mənim saçımdan tutaraq ayağa qaldırdı. Onun bu hərəkətlərini görən ətrafdakı bir neçə nəfər yaxınlaşaraq onun xanıma qarşı etdiyi bu hərəkətlərə görə onu qınamağa başladı. Sonra mən həmin ərazidən uzaqlaşaraq taksi çağırıb getmişəm". Daha sonra təqsirləndirilən Mətləb Süleymanlının vəkili müvəkkilinin müalicəsi ilə bağlı müəyyən problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırıb. Hakim isə öz növbəsində bu barədə Penitensiar Xidmətə müraciət etmələrini tövsiyə edib. Növbəti proses mayın 18-nə təyin edilib. Rəsmi məlumata görə, 2025-ci il iyunun 19-da Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı 1997-ci il təvəllüdlü Adil Talıbovu aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirməkdə təqsirli bilinərək istintaqa cəlb edilib. Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı zamanı daha sonra Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmov cinayətdə iştirakçı kimi istintaqa cəlb olunublar, onların barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər