Kriminal
Quldurluq etməkdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxundu, biri azadlığa buraxıldı
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Oxu.Az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Samir Əliyevə şərti cəza verilməklə məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb zərərçəkmişlərə dəymiş ziyanın hamısını ödəməsidir. Təqsirləndirilən şəxslərdən Məhəmməd Şirinzadə dörd il, Elmar Babayev isə dörd il altı ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, dövlət ittihamçısı Zamil Mehralıyev məhkəməyə təqsirləndirilən şəxslərdən Samir Əliyevin 10 il 6 ay və Məhəmməd Şirinzadənin 10 il 6 ay, Elmar Babayevin isə il 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. İstintaqla müəyyən edilib ki, dəstə üzvləri bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmə, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayəti və silah qismində istifadə edilən pnevmatik tapança ilə quldurluq cinayət əməllərini törədiblər. Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirvanzadəyə qarşı Cinayət Məcəlləsinin 29, 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluğa cəhd), 177.2.2-ci, 177.2.3-cü (təkrar oğurluq və (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın təkrar törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər