Dünya
ABŞ "Abrams" tanklarının sonuncu partiyasını Tayvana çatdırıb - FOTO
Taypeyin sifariş etdiyi 108 ədəd ABŞ istehsalı M1A2T "Abrams" tankının 28 ədəddən ibarət sonuncu partiyası Tayvana çatdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Taipei Times" nəşri məlumat yayıb. Bildirilib ki, hərbi texnika bazar günü axşam saatlarında Taypey limanına gətirilib və ötən gecə Sinçu əyalətində yerləşən Zirehli Qoşunların Təlim Mərkəzinə təhvil verilib. Nəşr qeyd edir ki, yer üzünün ən güclüsü adlandırılan "Abrams" tankları Tayvanın şimalındakı Altıncı Ordu Komandanlığının tərkibində yerləşdiriləcək. Ada rəhbərliyi bu tankların daşınması məqsədilə əlavə olaraq 14 ədəd M88A2 təmir-təxliyə maşını və 16 ədəd M1070A1 ağır nəqliyyat vasitəsi də alıb. M1A2T - ABŞ-nin M1 "Abrams" tanklarının yeni modifikasiyasıdır. Vaşinqton 2019-cu ildə Taypeyə bu tip 108 maşının satılmasına razılıq verib. Müqavilənin ümumi dəyəri təqribən 40.5 milyard Tayvan dolları (1.3 milyarda ABŞ dolları) təşkil edib. Bundan əvvəl adaya 80 tank (2024-cü ilin dekabrında 38 ədəd, 2025-ci ilin iyulunda 42 ədəd) gətirilmişdi. İlk 38 texnika artıq silahlanmaya qəbul edilib.
Mənbə
oxu.az