Dünya
İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub". Oxu.Az-ın xəbərinə əsasən, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında yazıb. "Oman mövcud münaqişədə olduqca müsbət mövqe sərgiləyən, bizə yaxın və dost dövlətdir. Hər iki ölkə Hörmüz boğazı ilə sərhəddə yerləşdiyi üçün bu mövzuda fikir mübadiləsinin aparılmasına ehtiyac duyulurdu. Boğaz daxilində gəmilərin təhlükəsiz hərəkəti qlobal əhəmiyyət daşıyır. Bu mühüm su yoluna nəzarət edən tərəflər kimi, biz ortaq mənafelərimizin qorunması məqsədilə fəaliyyətimizi sıx şəkildə koordinasiya etməliyik", - nazir Rusiyaya səfəri ərəfəsində qeyd edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə
oxu.az