Dünya
Az miqdarda içki belə beyni qocaldır: Təhlükə düşündüyünüzdən böyükdür
Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin sürətlə qocalmasına səbəb olur. Oxu.Az xəbər verir ki, bu barədə həkim-narkoloq Andrey Türin Lenta.ru-ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, insan beyni tədricən və nəzərə çarpmadan qocalır, lakin alkoqol bu prosesi xeyli sürətləndirən ən güclü katalizatorlardan biridir. O qeyd edib ki, spirtli içkilərin sistemli qəbulu beyin atrofiyasını 2-3 dəfə sürətləndirir. Belə ki, 40 yaşlı bir şəxsin MRT nəticələri 60 yaşlı insanın beyni ilə eyni vəziyyətdə ola bilər. Etanol birbaşa neyrotoksindir və zamanla sinir hüceyrələrini məhv edir. Xüsusilə, yaddaş və emosiyaların tənzimlənməsinə cavabdeh olan hippokamp sahəsi daha çox zərər görür. Hər gün bir qədəh şərab və ya bir şüşə pivə qəbul edən insanlarda artıq 5-6 ildən sonra ağ maddənin bütövlüyü 15-20 faiz azalır ki, bu da damar mənşəli demensiyaya aparan yollardan biridir. Hətta orta səviyyədə alkoqol qəbulu telomerlərin - bioloji yaş göstəricilərinin - daha sürətlə qısalmasına və gənc neyronların daha tez məhv olmasına səbəb olur. Nəticədə öyrənmə qabiliyyəti zəifləyir, dəyişikliklərə uyğunlaşma çətinləşir və səbəbsiz əhval dəyişiklikləri yaranır.
Mənbə
oxu.az