Dünya
Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı
"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Uzaq Şərq Federal Universitetinin Tibb və Həyat Elmləri Məktəbinin Fundamental Tibb kafedrasının dosenti, fəlsəfə doktoru Qalina Kompanets məlumat verib. Onun sözlərinə görə, hazırkı mərhələdə yeni tibbi preparatların hazırlanmasına ehtiyac yoxdur. Çünki "gizli ölüm"ə səbəb olan mutasiya olunmuş WSSV nodavirusu ənənəvi virusəleyhinə vasitələrlə aradan qaldırılır. Mütəxəssis bildirib ki, "gizli ölüm" nodavirusu (WSSV) elmə uzun müddətdir məlumdur. Virus əsasən krevetkalarda və müxtəlif dəniz canlılarında infeksiya yaradır. Müəyyən hallarda isə insanlarda xəstəlik törədə, xüsusilə, gözdaxili təzyiqin artması fonunda ağır göz zədələnmələrinə səbəb ola bilər. Onun müalicəsində standart virusəleyhinə dərmanlardan istifadə edilir. Yoluxma hallarının az olması səbəbindən yeni müalicə vasitələrinə ehtiyac duyulmur. Qalina Kompanets əlavə edib ki, adətən heyvanlarda müşahidə olunan viruslar insan orqanizminə keçmir. Lakin nadir halda infeksiya növlərarası baryeri aşa bilib. Ekspert qeyd edib ki, xəstəlikdən qorunmaq üçün çiy dəniz məhsullarına toxunarkən gözləri, burun boşluğunu və boğazı qorumaq vacibdir. Eyni zamanda, qida məhsulları istifadədən əvvəl tam bişirilməlidir.
Mənbə
oxu.az