Dünya

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi

23 Apr 2026, 19:08 1 baxış
Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindi
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi gücləndirmək və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Oxu.Az bu barədə Avropa Komissiyasının saytına istinadən xəbər verir. Yeni sanksiyalar paketi Rusiyanı Kiyev üçün məqbul şərtlərlə danışıqlara sövq etməyə yönəlib. Məhdudiyyətlər energetika, maliyyə xidmətləri, ticarət, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yan keçməyə qarşı xüsusi mexanizm aktivləşdirilib. Paket çərçivəsində Rusiyanın energetika sektorunda fəaliyyət göstərən 36 şirkətə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi əlavə edilib və onların ümumi sayı 632-yə çatıb. Bundan əlavə, Aİ-dən Rusiyaya tanker satışına qadağa qoyulub. Rusiyanın Murmansk və Tuapse limanları, həmçinin İndoneziyadakı "Karimun" neft terminalı da sanksiya siyahısına salınıb. Aİ Rusiyanın 20 bankı ilə əməliyyatları qadağan edərək, məhdudiyyət qoyulan maliyyə institutlarının ümumi sayını 70-ə çatdırıb. Həmçinin üçüncü ölkələrdə sanksiyalardan yan keçməyə yardım edən banklara qarşı tədbirlər görülüb. İlk dəfə olaraq Rusiya kriptoxidmətləri, o cümlədən mərkəzləşdirilməmiş platformalarla əməliyyatlara tam qadağa qoyulub. Məhdudiyyətlər "rəqəmsal rubl" layihəsi də daxil olmaqla, bütün rəqəmsal maliyyə alətlərinə şamil edilir. Paketə dəyəri 365 milyon avrodan çox olan mallara yeni ixrac məhdudiyyətləri, habelə 530 milyon avrodan çox olan idxal qadağaları daxildir. PUA istehsalı da daxil olmaqla, hərbi məhsulların buraxılışında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxs sanksiyalara məruz qalıb. Siyahıya Çin, BƏƏ və Qazaxıstan kimi üçüncü ölkələrdən olan tədarükçülər də əlavə edilib. Aİ ilk dəfə olaraq Qırğızıstanı sanksiyalı malların sistematik şəkildə Rusiyaya təkrar ixracında ittiham edərək, ona qarşı sanksiyalardan yan keçməyə qarşı mexanizmi aktivləşdirib. Ümumilikdə yeni paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onların aktivləri dondurulub, fiziki şəxslərin isə Aİ-yə girişi qadağan edilib. Həmçinin Rusiya dövlətinin Aİ-də elmi-tədqiqat layihələrini maliyyələşdirməsinə qadağa qoyulub. Paketin bəzi müddəaları ticarət və xidmət sahələrində Belarusa da şamil edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər