Dünya
Dənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb. Oxu.Az xəbər verir ki bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, bu rəqəm 2024-cü illə müqayisədə (9 200 ölüm) bir qədər az olsa da, son onilliyin ən yüksək göstəricilərindən biri olaraq qalır. Məlumata əsasən, qeyri-qanuni miqrantların mütləq əksəriyyəti dəniz yolu ilə istədikləri sahilə çatmağa çalışarkən həyatlarını itiriblər. Ən ölümcül yol Liviya və Tunisdən Aralıq dənizi vasitəsilə İtaliyaya gedən marşrutdur. Ötən il bu yolda 2 100 miqrant həlak olub. Daha sonra Atlantik marşrutu - Qərbi Afrikadan İspaniyanın tərkibindəki Kanar adalarına gedən yol gəlir. Burada 2025-ci ildə həlak olanların və itkin düşənlərin sayı təxminən 1 000 nəfər təşkil edib. Təhlükəliliyinə görə üçüncü yerdə isə Afrika Buynuzundan Bab-əl-Məndəb boğazı vasitəsilə Yəmən və Səudiyyə Ərəbistanına uzanan marşrutdur - burada həlak olanların və itkin düşənlərin sayı 992 nəfərdir. Ümumilikdə 2025-ci ildə Afrikadan digər qitələrə keçməyə çalışarkən 4 767 qanunsuz miqrant həlak olub və ya itkin düşüb.
Mənbə
oxu.az