Dünya
ABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdır
Amerika Birləşmiş Ştatları təchizat zəncirinin gücləndirilməsi və Çinə olan ehtiyacın azaldılması məqsədilə tərəfdaşlarına strateji əhəmiyyətli minerallara görə daha yüksək məbləğ ödəməyin zəruriliyini çatdırıb. Oxu.Az-ın məlumatına əsasən, bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrirə istinadla "Financial Times" (FT) nəşri xəbər verib. Qrir qeyd edib ki, ABŞ-nin müttəfiqləri, o cümlədən Avropa dövlətləri, ortaq ticarət tərəfdaşları tərəfindən təmin edilən minerallara görə xüsusi "milli təhlükəsizlik əlavəsi" ödəməyə razılaşmalıdırlar. Qəzetin yazdığına əsasən, rəsmi Vaşinqton Qərb dövlətlərinin mədənçıxarma və emal sektorlarına yönəltdiyi sərmayələri sığortalamaq məqsədilə xammalın konkret minimum qiymətlərlə alınıb-satılmasına nail olmaq istəyir. Eyni zamanda, kənar istehsalçılar üçün əlavə maneələrin və ya sərt tariflərin tətbiqi də istisna edilmir. "Bizim ödədiyimiz vəsait əslində milli təhlükəsizlik təminatıdır. Təchizat zəncirinin etibarlılığını qorumaq üçün hər birimiz bu cür milli təhlükəsizlik ödənişi etməli olacağıq", - deyə Ceymison Qrir açıqlamasında vurğulayıb. ABŞ rəsmiləri və ticarət tərəfdaşları arasında gedən müzakirələrə yaxın mənbələrin məlumatına əsasən, təbii ehtiyatların bu formada mühafizəsi bəzi sahələrdə xərcləri çoxalda bilər. Xüsusilə də təmiz enerji, avtomobilqayırma və müdafiə sənayesi sektorlarında xərclərin artacağı ilə əlaqədar ciddi təşviş mövcuddur. Qeyd edək ki, 2025-ci ildə Çin hökuməti ABŞ-nin tətbiq etdiyi tariflərə reaksiya olaraq nadir torpaq metallarının ixracına nəzarət rejimi tətbiq edib. Hazırda dünya üzrə nadir torpaq metalları hasilatının 80 faizindən çox hissəsi məhz Çinin payına düşür.
Mənbə
oxu.az