Dünya
Britaniya kəşfiyyatı: "100 ölkə haker texnologiyaları əldə edib"
Böyük Britaniya kəşfiyyatının məlumatına görə, dünyada 100 ölkə Birləşmiş Krallığın infrastrukturuna müdaxilə etmək imkanına malik olan texnologiyalar əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) hesabatında qeyd olunur ki, haker proqram təminatına əlçatanlıq səviyyəsi sürətlə asanlaşır. Tədqiqatın nəticələri aprelin 22-də Qlazqoda keçiriləcək "CyberUK" konfransında təqdim olunacaq. Ekspertlərin qiymətləndirməsinə əsasən, son 20 il ərzində "Pegasus" və ya "Predator" kimi kommersiya casus proqramları bazarı bütöv bir sənayeyə çevrilib. Əvvəllər bu cür alətlər əsasən dissidentlərə qarşı tətbiq edilirdisə, hazırda iri korporasiyaların rəhbərləri və bank sektoru hücumların əsas hədəflərinə çevrilir. Kəşfiyyat məlumatlarına görə, ümummilli əhəmiyyət daşıyan kiberhücumların sayı son bir ildə iki dəfə artıb. Qurum vurğulayır ki, əksər hallarda bu hücumlar cinayətkar qruplaşmalar tərəfindən deyil, məhz dövlət strukturları tərəfindən həyata keçirilir.
Mənbə
oxu.az