Dünya
Beyin istidə yavaşlayır: Yayda işləməyin doğru saatları açıqlandı
İsti yay aylarında iş qrafikinin yenidən təşkili əmək səmərəliliyinin qorunması baxımından olduqca vacibdir. Oxu.Az xəbər verir ki, bu mövzu ilə bağlı Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının mütəxəssisi Tatyana Podolskaya TASS agentliyinə açıqlama verib. Ekspert qeyd edib ki, yay aylarında iş səmərəliliyini qorumaq üçün gündəlik rejimi mövsümi bioritmlərə uyğunlaşdırmaq böyük əhəmiyyət daşıyır: "İnsanın özünü zorla işlətməyə cəhd etməsi doğru deyil. İş planını yay ritminə uyğunlaşdırmaq daha faydalıdır. Mürəkkəb və çətin tapşırıqları günün erkən saatlarında, havalar hələ çox qızmamış həll etmək, daha sadə və rutin işləri isə havanın nisbətən sərinlədiyi axşam saatlarına saxlamaq məsləhətdir". Podolskaya izah edib ki, isti hava şəraitində iş qabiliyyətinin aşağı düşməsi bir neçə faktorla - yüksək temperatur, oksigen çatışmazlığı və orqanizmin yorğunluq hissi ilə bağlıdır. Orqanizm özünü sərinlətmək üçün əlavə enerji sərf etdiyindən, yayda beyin fəaliyyəti nisbətən yavaşlayır. Ekspert işəgötürənlərə yay mövsümündə daha çevik iş rejimi tətbiq etməyi tövsiyə edib: İş saatlarının dəyişdirilməsi: İşə daha erkən, məsələn, saat 08:00-da başlayıb 16:00-da yekunlaşdırmaq. Fasilə rejimi: Günün ən isti vaxtı olan 12:00-dan 14:00-dək olan müddətdə işçilərə daha uzun fasilə vermək. Ofis şəraiti: Kondisioner və ventilyatorların quraşdırılması, otaqların yaşıllaşdırılması və günəş şüalarının qarşısını alan açıq rəngli pərdələrdən istifadə olunması.
Mənbə
oxu.az