Dünya

Almaniyada qeyri-adi TAPINTI

22 Apr 2026, 05:46 1 baxış
Almaniyada qeyri-adi TAPINTI
Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib. Oxu.Az xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb. Məlumata görə, bu tapıntı Almaniyanın paytaxtında indiyədək aşkarlanan ilk yunan sikkəsi kimi tarixə düşüb. Spandau ərazisində üzə çıxarılan, 12 millimetr diametrə və təxminən yeddi qram çəkiyə malik sikkənin üzərində Korinf dəbilqəli Afina profili, eləcə də kalatos adlı baş geyimi taxan, əlində nizə və iy tutan ilahə silueti həkk olunub. Tədqiqatçılar sikkənin hazırda Troya adı ilə tanınan qədim İlion zərbxanasına aid olduğunu təsdiqləyiblər. İlkin qiymətləndirmələrə əsasən, bu tarixi əşyanın təxminən 2 300 yaşı var və eramızdan əvvəl 281-261-ci illərə aid edilir. Əlavə olaraq bildirilib ki, məktəblinin arxeoloqlara göstərdiyi ərazi Tunc və Erkən Dəmir dövrlərini əhatə edən qədim məzarlıq olub. Qazıntı zamanı qəbirdən saxsı qab parçaları, yandırılmış insan qalıqları və bürünc düymə tapılıb. Sikkənin materialının o qədər də qiymətli olmamasını əsas gətirən ekspertlər onun məzara xüsusi simvolik bəxşiş məqsədilə yerləşdirildiyini ehtimal edirlər. Sikkənin Şimali Avropaya kəhrəba ticarəti marşrutu vasitəsilə çatdığı, yunan tacirlərinin isə öz məhsullarını kəhrəbaya dəyişdiyi güman olunur. Hazırda bu nadir tarixi əşya PETRI Berlin muzeyinin sərgisində ziyarətçilərə təqdim edilir. Xatırladaq ki, bir müddət əvvəl iki amerikalı arxeoloq tərəfindən 1721-ci ildə Madaqaskar sularında batmış Portuqaliyanın "Nossa Senhora do Cabo" gəmisinin qalıqları tapılmışdı. Tədqiqatçı dalğıclar dəniz dibindəki qum və lil qatının altından dini təyinatlı heykəlciklər, dulusçuluq nümunələri və üzərində ərəb yazıları olan qızıl sikkələrin də yer aldığı 3 mindən çox tarixi əşya çıxarmışdılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər