Dünya
Pentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıb
ABŞ Hərb Nazirliyi (Pentaqon) Prezident Donald Tramp administrasiyası tərəfindən 2027-ci maliyyə ili üçün təklif olunan 1.5 trilyon dollar məbləğində müdafiə büdcəsinin təfərrüatını dərc edib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, büdcəyə 1.15 trilyon dollarlıq əsas sorğu və 350 milyard dollarlıq əlavə paket daxildir. Pentaqonda həmçinin raketdən müdafiə proqramları, pilotsuz uçuş aparatlarının inkişafı, süni intellekt və müdafiə infrastrukturunun daxil olduğu yeni "prezident prioritetləri" kateqoriyası ayrılıb. Vəsaitlərin əhəmiyyətli hissəsi silahların modernləşdirilməsinə yönəldiləcək. Xüsusilə, "'Qızıl donanma" təşəbbüsü çərçivəsində 18 döyüş və 16 köməkçi gəminin inşası üçün 65 milyard dollardan çox vəsait nəzərdə tutulub. Həmçinin "F-35" qırıcılarının satınalmaları ildə 85 ədədə qədər artırılır, aviasiya və ixtiralara üçün isə 102 milyard dollar ayrılıb. Pilotsuz texnologiyalara xüsusi diqqət yetirilir: dronlara və əlaqəli sistemlərə 53.6 milyard dollar, döyüş sursatları və dronlara qarşı mübarizə vasitələrinə isə daha 21 milyard dollar yönəltmək planlaşdırılır. Müvafiq proqramın maliyyələşdirilməsi 225 milyon dollardan 54 milyard dollara qədər arta bilər. Sənəddə həmçinin hərbçilərin maaşlarının artırılması təklif olunur: kiçik hərbi qulluqçular 7%, onların birbaşa rəhbərləri 6%, ali zabitlər isə 5% artım alacaqlar. Bundan əlavə, 2026-cı ildəki 20 mindən çox artımdan sonra 2027-ci ildə silahlı qüvvələrin sayını 44 min nəfər artırmaq planlaşdırılır. Bununla yanaşı, İranla münaqişə ilə bağlı xərclər büdcəyə daxil edilməyib, onların ödənilməsi üçün ayrıca əlavə sorğu tələb oluna bilər.
Mənbə
oxu.az