Dünya
İslamabadda danışıqlara hazırlıq: Təhlükəsizlik tədbirləri gücləndirilib - FOTO
İslamabadda ABŞ və İran arasında keçiriləcək danışıqlara hazırlıq yekun mərhələyə qədəm qoyub. ABŞ-nin ilkin qrupları ölkəyə gəlməkdə davam edirlər. Oxu.Az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən "The Express Tribune" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bazar günündən bazar ertəsi gecə yarısınadək şəxsi heyət, nəqliyyat vasitələri və əməliyyat avadanlıqları daşıyan 11 təyyarə Pakistan paytaxtına enib. İlkin qrupların gəlişi demək olar ki, başa çatıb və əsas nümayəndə heyətlərinin çərşənbə axşamı gələcəyi gözlənilir. Mənbələr həmçinin bildirib ki, İran nümayəndə heyəti də bu gün axşam saatlarında İslamabada gələ bilər. Nəşrin məlumatına görə, Pakistan rəsmiləri mövzu ilə bağlı sükutu qoruyurlar və qeyri-rəsmi şəkildə bunun danışıqlardan əvvəl hər iki tərəfin nümayiş etdirdiyi mövqedən qaynaqlandığını etiraf edirlər. Diplomatik mənbələrin bildirdiyinə görə, Vaşinqton və Tehran arasında rəsmi olmayan təmaslar hələ də aktiv olaraq qalır. Danışıqların ikinci mərhələsinə hazırlıq təhlükəsizliyin təmin edilməsi baxımından əvvəlki mərhələdə həyata keçirilən tədbirləri böyük ölçüdə təkrarlayır. Nəşrdə qeyd olunur ki, prosesə 18 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az