Radevin koalisiyası seçkilərdə qalib gəldi
Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.
Axar.az xəbər verir ki, bunu yerli BTV telekanalı tərəfindən yayımlanan "ekzit-pol"un nəticələri göstərir.
Məlumatlara görə, "Mütərəqqi Bolqarıstan" səslərin 37,5%-dən 38,9%-ə qədərini toplayıb ("Alpha Research" və "Market Links"in qiymətləndirmələri).
Bolqarıstanın Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) koalisiyası səslərin 15,4%-dən 16,2%-ə qədərini toplayaraq ikinci yeri tutub. Üçüncü yeri 13,6-14,3% səslə "Dəyişiklikləri davam etdiririk" və "Demokratik Bolqarıstan" koalisiyası tutub.
Onlardan sonra "Hüquqlar və azadlıqlar uğrunda Hərəkat" (7,5%-8,4%), Dirçəliş Partiyası (4,9% - 5,1%) və Bolqarıstan Sosialist Partiyası - Birləşmiş Sollar koalisiyası (4,1% - 4,1%) müvafiq yerləri bölüşüb.
Seçici fəallığı təxminən 47% təşkil edib.