Maraqlı
Yeni alətlər ixtira edən Məmmədəli Məmmədovun yaradıcılığı: Mühəndislikdən musiqiyə - FOTOREPORTAJ
Azərbaycan Milli Konservatoriyasının "Milli alətlərin bərpası və təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri, fəlsəfə doktoru Məmmədəli Məmmədov maraqlı ixtiraları ilə diqqət çəkib. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, 1951-ci ildə Salyan rayonunda anadan olan sənətkarın valideynləri kiçik yaşlarında onun gələcəkdə mühəndis olmasını arzulasalar da, o, uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil aldığı illərdə də musiqi ilə məşğul olaraq ifaçılıq və yaradıcılıq qabiliyyətini inkişaf etdirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan Məmmədəli Məmmədov AMEA-nın "Dərin Neft və Qaz Yataqlarının Problemləri" İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Lakin musiqiyə olan dərin bağlılığı onu yenidən bu sahəyə yönəldib. M.Məmmədov zamanla musiqi alətləri ixtira etməyə başlayıb və bu istiqamətdə Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Daha sonra Heydər Əliyev Fonduna müraciəti onun fəaliyyətində yeni mərhələnin başlanğıcı olub. Beləliklə, o, Azərbaycan Milli Konservatoriyasının "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasında fəaliyyətə başlayıb. Xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan Məmmədəli Məmmədov xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərin yaradılması ilə məşğul olur. Onun təkmilləşdirmə işləri milli alətlərinin köklənmə sistemində, qol ilə çanağın daha keyfiyyətli birləşməsində, bucağın dəqiq tənzimlənməsində və alətin kövrəkliyinin aradan qaldırılmasında özünü göstərir. Məmmədəli Məmmədovun hazırladığı "Qarabağ kamanı" (müəlliflər: S.Kərimi, M.Məmmədov), "Ud-Mən", "İrs", "Sevgililər", "Azərbaycan" və digər musiqi alətləri Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb. Milli musiqi alətlərinə yenidən həyat verən Məmmədəli Məmmədovun fəaliyyətinə dair fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az