Dünya

40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?

07 Apr 2026, 16:28 1 baxış
40-dan artıq ölkə Hörmüzlə bağlı yenə iclas keçirəcək - ABŞ-siz yeni birlik yaranır?
Bu gün Böyük Britaniyanın moderatorluğu ilə 40-dan artıq dövlətin nümayəndəsinin qatılacağı onlayn hərbi planlaşdırma konfransı təşkil ediləcək. Görüşdə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti məsələsi növbəti dəfə müzakirə olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Tədbir Nortvudda yerləşən Britaniya hərbi bazasından idarə olunacaq. İclasda bu mühüm strateji su dəhlizində təhlükəsiz gəmiçiliyin bərpası prosesinə dəstək vermək niyyətində olan ölkələr yer alacaq. Fransa, Almaniya, Yaponiya, Kanada, Cənubi Koreya, BƏƏ və Avstraliya kimi dövlətlər də iştirakçılar sırasındadır. Britaniya nümayəndəsinin açıqlamasına əsasən, müzakirələr zamanı Birləşmiş Ştatların yer almayacağı beynəlxalq birliyin formalaşdırılması istiqamətində müvafiq təkliflər dəyərləndiriləcək. Bu gün baş tutacaq konfrans ötən həftə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin rəhbərliyi ilə 41 ölkənin qatıldığı virtual iclasın davamı xarakteri daşıyır. Bu onlayn görüş ABŞ Prezidenti Donald Trampın tərəfdaşlarına boğazın açılmasını müstəqil şəkildə həll etmələri ilə bağlı müraciətinə reaksiya olaraq təcili təşkil olunub. Hörmüz boğazının mühafizəsi məsuliyyətindən imtina edən Tramp vurğulayıb ki, bu marşrutdan yararlanan dövlətlər onu sərbəst şəkildə açmalıdırlar. Amerika lideri əlavə edib: "Hesab edirəm ki, neft resurslarına nəzarəti əlində saxlayan hər kəs bu boğazın açılmasında maraqlı olacaq". Ağ Evin lideri həmçinin bildirib ki, boğazın bağlanması nəticəsində yarana biləcək enerji böhranı qarşısında Böyük Britaniya və bənzər ölkələr öz neft hasilatını təmin etməlidirlər. Britaniyanın Baş naziri Kir Starmerin sözlərinə görə, dəniz hərəkətinin təhlükəsizliyinə yönəlmiş hər hansı tədbir ancaq atəşkəs əldə olunduqdan sonra həyata keçiriləcək: "Gərginliyin azalmasının mütləq şəkildə Hörmüz boğazının təhlükəsiz açılışı ilə nəticələnəcəyini iddia etmək o qədər də etibarlı yanaşma deyil".
Mənbə oxu.az

Oxşar Xəbərlər