Dünya
İtkin düşən pilotlar ABŞ-İran müharibəsinə təsir edə bilərlər?
ABŞ-nin vurulan "F-15E" qırıcı təyyarəsinin itkin düşmüş pilotunun taleyi İran münaqişəsinin tarixində həlledici ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məqalə dərc edib. Məqalədə vurğulanır ki, hər iki pilotun uğurla xilas edilməsi Vaşinqton rəhbərliyinin addımlarına inamı artıra və ABŞ Prezidenti Donald Trampı hərbi əməliyyatları davam etdirməyə və ya hətta genişləndirməyə, o cümlədən quru müdaxiləsinə sövq edə biləcək mühüm məqam olardı. Lakin ikinci pilot əsir düşərsə, ABŞ daxilində hava zərbələrini dayandırmaq və danışıqlara başlamaq tələbi ilə ictimai təzyiq artacaq, İran isə güzəştlər əldə etmək üçün güclü bir rıçaq qazanacaq. Xilasetmə missiyasının uğursuzluğu və ya ələ keçirilmə zamanı pilotun ölümü ilə bağlı digər ssenarilər də nəzərdən keçirilir. Belə şəraitdə ABŞ-də İrana qarşı cəzalandırıcı cavab tədbirləri və ehtimal olunan quru əməliyyatları üçün tələblər yarana bilər. Qeyd edək ki, ABŞ xüsusi təyinatlıları artıq vurulan ABŞ qırıcısının itkin düşən ikinci ekipaj üzvünün axtarışı üçün İrandadırlar. Birinci pilot iki ABŞ hərbi helikopteri və yanacaqdolduran təyyarələrin iştirak etdiyi əməliyyat zamanı xilas edilib. Xatırladaq ki, aprelin 3-də İranın hava hücumundan müdafiə qüvvələri ölkənin hava məkanında ABŞ-yə məxsus bir qırıcı təyyarəni vurub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sözügedən təyyarənin "F-35" (təknəfərlik təyyarə) olduğunu bildirib. CNN və "Axios" isə İran mediası tərəfindən dərc edilən fotoşəkilləri araşdırdıqdan sonra qırıcının ikinəfərlik "F-15 Strike Eagle" bombardmançı təyyarəsi olduğu qənaətinə gəliblər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə
oxu.az