Maraqlı
Yaz rasionuna hansı tərəvəz və göyərtilər daxil edilməlidir? - Mütəxəssis rəyi
Rusiyalı diyetoloq-nutrisioloq Sofya Kovanova yaz fəslində qidalanma rasionuna erkən yetişən göyərtilər, sitrus meyvələri və müəyyən tərəvəzlərin əlavə edilməsini tövsiyə edib. Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, mütəxəssis yaz aylarında insanların enerji səviyyəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, bu halın əsas səbəbi orqanizmdə D və B qrupu vitaminləri, eləcə də dəmir və maqnezium çatışmazlığı ola bilər. Mütəxəssis immuniteti və maddələr mübadiləsini dəstəkləmək üçün rasiona aşağıdakıları daxil etməyi vacib sayır: Göyərtilər: İspanaq, rukola və yaşıl soğan. Bunlar fol turşusu, C vitamini və antioksidantların zəngin mənbəyidir. Tərəvəzlər: Turp və şalğam həzmi stimullaşdırır, bədəni liflə təmin edir. Lakin mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzləri ehtiyatla istehlak etməlidirlər. Kələm: C, K vitaminləri və lif mənbəyi kimi yaz aylarında süfrələrin əvəzedilməzi olmalıdır. Diyetoloq qeyd edib ki, bu qidalar orqanizmin yaz yorğunluğundan daha tez xilas olmasına kömək edir.
Mənbə
oxu.az