İdman
FIFA İsrail Futbol Assosiasiyasını cərimələdi
FIFA-nın İntizam Komitəsi İsrail Futbol Assosiasiyasının (IFA) təşkilatın üzvü kimi öhdəliklərini dəfələrlə pozduğu qənaətinə gəlib. Oxu.Az bu barədə FIFA-nın saytına istinadən xəbər verir. Qeyd olunub ki, IFA ayrı-seçkilik, təhqiramiz davranış və ədalətli oyun ("fair-play") prinsiplərinin pozulması maddələri üzrə sanksiyalara məruz qalıb. Bəyanatda bildirilir ki, İntizam Komitəsi Fələstin Futbol Assosiasiyası (PFA) tərəfindən irəli sürülən ayrı-seçkilik ittihamlarını araşdırıb. IFA-ya xəbərdarlıq edilib və 150 min İsveçrə frankı (190 min dollar) məbləğində cərimələnib. Bu məbləğin üçdəbiri ayrı-seçkiliklə mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəldilməlidir. Bundan əlavə, IFA növbəti üç ev oyununda stadionda öz loqosunun yanında "Futbol dünyanı birləşdirir - ayrı-seçkiliyə yox" sözləri yazılmış, aydın görünən banner yerləşdirməlidir.
Mənbə
oxu.az