İdman
Mehdi Tac: "İran millisinin DÇ-2026 matçlarının Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar gedir"
İran Futbol Federasiyası (İFF) milli komandanın futbol üzrə dünya çempionatındakı (DÇ-2026) oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi üçün FIFA ilə danışıqlar aparır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İFF prezidenti Mehdi Tac məlumat verib. "ABŞ Prezidenti Donald Tramp İran komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdib. Bu səbəbdən bizim ABŞ-yə getməyəcəyimiz dəqiqdir. DÇ-2026-dakı oyunlarımızın Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq", - deyə federasiya rəhbəri bildirib. Martın 11-də İranın idman naziri Əhməd Donyamali milli komandanın DÇ-2026-da iştirak etməyəcəyini açıqlayıb. Lakin martın 16-da Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con İranın qarşıdan gələn turnirdən çıxması ilə bağlı heç bir bildiriş almadıqlarını bəyan edib. Yığmanın qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirməsi planlaşdırılır. İran seçməsi Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb. Nüfuzlu turnir 11 iyun - 19 iyul aralığında ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə qırx səkkiz komanda iştirak edəcək. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az