İdman
Sərxan Hacıyev: "20 futbolçudan 17-si milliləşdirilmiş olmayacaq"
"FIFA U-20 dünya çempionatını sentyabrdan oktyabra qədər keçirməlidir, turnir 21-23 günlük olmalıdır". Oxu.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorjenin təqdimat mərasimində deyib. AFFA rəsmisi bildirib ki, dünya çempionatının açılış mərasiminin harada olacağı ilə bağlı danışıqlar gedir: "Hüquqi sənədlər üzərində işlər gedir. Hazırda dəqiq deyə bilərik ki, təşkilatçı şəhərlərdən biri Bakı olacaq. Digər şəhərlər barədə hələlik məlumat verə bilmərik. Bir müddət öncə FIFA nümayəndəsi də ölkəmizə səfər etdi və bir neçə şəhərdə oldu. Bir və ya bir neçə şəhərin olacağını bilmirik. Püşkatma, açılış və bağlanış oyunlarının Azərbaycanda və ya Özbəkistanda keçiriləcəyi ilə bağlı da danışıqlar aparırıq". O, futbolçuların çempionata qədər milliləşdirilməsi məsələsinə də aydınlıq gətirib: "Birmənalı şəkildə qeyd edə bilərəm ki, bu, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu azərbaycanəsilli olsun, ya da valideynlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-si milliləşdirilmiş olmayacaq". Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Mənbə
oxu.az